"Türkiyəli jurnalist Nagehan Alçının Azərbaycan barədə səsləndirdiyi qərəzli fikirlər iki türk ölkəsinin ayrılmaz qardaşlığına kölgə salmağa hesablanıb və düşünülmüş bu məkrli plan təbii ki, beşikdəcə boğuldu".x
Mediaekspert.az xəbər verir ki, bu fikirləri mediaya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
JEM sədr hesab edir ki, Türkiyədə keçirilən prezident seçkisində ATA blokunun namizədi olmuş Sinan Oğanın seçicilərini ikinci turda Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırması türklük düşüncəsindən uzaq olanların canına vəlvələ salıb və belə qərəzli insanlardan biri də jurnalist Nagehan Alçıdır.
Ceyhun Musaoğlunun fikrincə türkiyəli jurnalistin Sinan Oğanın məhz azərbaycanlı olduğuna görə Ərdoğanı dəstəkləməsi ilə bağlı arqumenti çürükdür:
"Viktor Hüqonun məşhur fikri var: "Qaliblərin yanında olmaq alicənablıqdır". Nə xoş bizə ki, Türkiyə siyasətində Sinan bəy kimi alicənab azərbaycanlı siyasətçi var. Türkiyədə keçirilən seçkilər dünyaya demokratiya dərsi idi. Bu şəffaf prosesin birinci turunda Rəcəb Tayyib Ərdoğan ciddi üstünlük əldə etdi və Türkiyə Prezidentinin rəhbəri olduğu AKP Böyük Millət Məclisində böyük səs çoxluğu qazandı. Bu o anlama gəlir ki, Ərdoğan sevilir və türk xalqının əksəriyyəti onu yenidən prezident görmək istəyir və dövlətə, hökumətə rəhbərlik etməsini arzulayır. Belədə Sinan Oğanın Ərdoğan bəyə dəstək verməsində başqa təsir axtarmaq məntiqsizlikdir, cənab Alçın əgər jurnalistdirsə belə məntiqsiz davranışı onun peşəsinə ziddir".
JEM sədri Nagehan Alçının nəinki jurnalist kimi, bir insan kimi ziddiyətli xarakterə malik olduğunu, xüsusən azərbaycanlılara qarşı böhtan, yalan, iftira prizmasından çıxış etdiyini bildirib və bu yanaşmasını əsaslandıran bir fakta diqqət çəkib:
"Bu adam SOROS Fondunun maliyyələşdirdiyi Beynəlxalq Böhran Qrupunun əməkdaşı kimi hələ işğal dövründə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmişdi. Məqsədi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, Qarabağdakı qondarma və terrorist rejimini təbliğ etmək idi. Azərbaycanın işğal altında olan bölgələrə səfər edənləri “qara siyahı”ya salırdı, Nagehan Alçı da həmin siyahıya düşmüşdü. Təsəvvür edin ki, bu jurnalist Azərbaycana səfər etmək üçün adının “qara siyahı”dan çıxarılması xahişi ilə rəsmi Bakıya müraciət etmişdi. O, müraciətində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirmişdi. Azərbaycan onun bu səmimiliyinə inanmasa da, yalnız Türkiyə vətəndaşı olduğuna görə adının “qara siyahı”dan çıxarılması ilə bağlı qərar vermişdi. Buna baxmayaraq, o Azərbaycana səfər edib geri qayıdandan sonra Türkiyə mediasında Azərbaycanı məzxərəyə qoymuşdu. Buyurun, belə jurnalist olurmu, onun yazdıqlarının çəkisi təbii ki, çox aşağıdır, çünki jurnalistikanın tərəfsizlik, lehinə və əleyhinə təbliğat aparmaq qadağası kimi prinsiplərinin əleyhinə işləyir, ziddinə yaşayır".
Ceyhun Mudaoğlu Nagehan Alçının milli zəmində bölücülüyə xidmət etdiyini də söyləyib və onun ATA blokundan olan iki namizəddən biri Ümud Özdağın namizəd Kılıcdaroğlunu, Sinan Oğanın isə Ərdoğanı dəstəkləməsini birincinin çərkəz, ikincinin azərbaycanlı olması ilə əlaqələndirir: "Bütöv insan bir dövlətin daxilindəki xalqları bolməz. Bölərsə, o yarımçıq insandır və separatçı təfəkkürə malikdir'.
Bəsirə Həsənzadə