Hərdən yaşı da, başı da, mövqeyi də, dincliyi də unudub fövqündənalikdən gileyli-gileyli aşağı enməyə məcbur olursan. Problem o dərəcədə geniş, o dərəcədə dərin, o dərəcədə cəzbedicidir ki, onun içərisinə düşməyə bilmirsən. Əlbəttə, adı təhsildir, yox, təhsilsizlikdir o problemin adı.
Bu mövzuda yazmağa həm də ona görə utanıram ki, hamı eyni fikri yana-yana min dəfələrlə söyləyib, söyləyir, lənət olsun şeytana, söyləməkdə davam edəcəklər də.
Uzatdım, bilirəm. Ceyhunluğum tutub deyəsən)). Konkret: bu foto var ha, məhəlləmizdəki kiçik mağazanın pəncərəsinə vurulmuş elanın şəklidir. Uşaqlarımızı 5-ci sinifdən riyaziyyat müəlliminin yanına göndərməyə dəvət olunuruq. Göndəririk. 5-ci sinif nədir, qardaşımın övladına 5 yaşından əlavə müəllim tutuldu ki, ona hərfləri, məntiqi, hesablamanı, oxumağı öyrətsin. 10-11-ci sinif şagirdlərinin orta məktəbdə keçdikləri, yaxud keçilməli olan fənnləri qapı-qapı düşüb hətta öz müəllimlərindən onların evində öyrənməsi xəstəliyinə əlac tapmamış, bütün siniflər bu ağır, qorxuram da deməyə, sağalmaz xəstəliyə yoluxdular.
Azərbaycan çar Rusiyasının əsarətində olanda qapı-qapı düşüb uşaqları “uşkola” cəlb edirdilər, müstəqil Azərbaycanda sinif-sinif düşüb qapılara səsləyirlər. Qapılarda qalmışıq. Belədirsə, məktəblərin xidməti funksiyasını dəyişək. Həmin məkanlardan yaxşı restoran çıxar, yataqxanaya da yarayır, qəşənglərini otelə də çevirmək olar, lap motel olsun. Nə olur-olsun, məktəb olmasın. Nə olur-olsun uşaqlar ali məktəbə imtahan versinlər. Nə olur-olsun müsabiqədə iştirak üçün pul ödənilsin. Nə olur-olsun, ali məktəbə qəbul olsunlar, sonra oranı bitirib işləmək üçün bir ömür böyu imtahan versinlər – magistratura, doktorantura, dövlət qulluğu, sertifikatsiya, müsabiqə... Nə olur-olsun qapılara düşsünlər, girinc qalsınlar, əllərinə nəhayət ki, diplom alsınlar.
Diplomluların sayı iş yerlərinin sayından on dəfələrlə çoxdur, peşəyə yiyələnənlərin sayı peşələrin sayından on dəfələrlə azdır. Bakalavr, magistr, alim istehsalı üzrə rekord göstəricilərə malikik, usta tapmaqsa yayda qar axtarmağa bərabərdir.
Şair Salamın misrasıdır:
O ağ gün günlərin lap altındadır
Kömək et, çıxaraq çölə bu ömrü
Ömrümüzü içimizdə basdırırıq. Azərbaycanlının ömrü onun balasıdır. Balaları da diplom almaq eşqinə küçələrə salmışıq. Belə ömür diri qala bilməz!
Ceyhun Musaoğlu